Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Ümumi məlumat



Azərbaycan Respublikası 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini bərpa etməklə beynəlxalq münasibətlərdə inamla fəaliyyətə başlamış və beynəlxalq birliyin tam hüquqlu üzvü kimi regionda və dünyada gedən proseslərin aktiv iştirakçısına çevrilmişdir. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlarını davam etdirir. Aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 2000-ci il 21 iyul tarixində "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi olmuşdur. Bu qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu yeni ictimai münasibətlər sahəsini tənzimlədiyindən qanunun tətbiqi zamanı bir sıra problemlər meydana çıxmışdır. Bu problemlərin əksəriyyəti dövlət qulluğu sahəsinə məsul olan müvafiq icra orqanının mövcud olmamağından irəli gəlirdi. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 180 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 29 mart tarixli 725 nömrəli Sərəncamı ilə Bəhram Bəhman oğlu Xəlilov Komissiyanın sədri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 iyun tarixli 247 nömrəli Fərmanı ilə Komissiyanın Əsasnaməsi təsdiq edilmişdir. Komissiyanın əsas məqsədləri dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Bu məqsədlərin həyata keçirilməsi ilə əlaqədar Komissiya dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasəti həyata keçirir, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlayır, bu sahədə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tapşırıqlarını yerinə yetirir. Komissiya eləcə də, dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihəsini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, bu sahədə işlərin vəziyyətini təhlil edir və təkliflər hazırlayır. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü 28.1-ci və 28.2-ci maddələrinə müvafiq olaraq mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunu müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin edir, dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirir, ondan səmərəli istifadə olunmasını təmin edir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə Komissiyaya həvalə olunmuş digər vəzifələri yerinə yetirir.

Komissiya 02 oktyabr 2006-cı il tarixindən Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 874-cü məhəllədə yerləşən inzibati binada fəaliyyətə başlamışdır.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag